Binəqədi rayonu 179 nömrəli tam orta məktəbdə "Müasir cəmiyyətdə eko mədəniyyət amili" adlı tədbir keçirildi.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi olan “Müasir cəmiyyətdə eko mədəniyyət amili” layihəsi çərçivəsində Bakı şəhər Binəqədi rayonu 179 nömrəli tam orta məktəbdə tədbir keçirildi. Layihənin rəhbəri Aytəkin Namazova çıxış edərək bütün qonaqları, müəllim və şagird heyətini salamladı. Daha sonra, layihə haqqında məlumat verdi.
Daha sonra, tədbirə dəvət olunan AgroPlatform rəhbəri Elnur İslamov çıxışında iştirakçılara yaşıllaşdırmanın dünya və ölkəmiz üçün əhəmiyyətindən və bu istiqamətdə əsas şüarı gələcək nəsilləri düşünərək olan "Yaşıl Azərbaycan" (www.greening.az) layihəsinin nailiyyətlərindən və perspektivləri haqqında məlumat verdi. Daha sonra, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, layihənin eksperti Arzu Əliyeva çıxış edərək Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən fasiləsiz dinc aksiya haqqında iştirakçıları məlumatlandırdı. Aksiyada eko mədəniyyət amilindən söhbət açdı.
Son olaraq, "Göyərçin"-Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin rəhbəri Gülnarə Vəlixanlı çıxış edərək ekoloji mədəniyyətin formalaşmasında əsas vasitələrdən biri məqsədyönlü ekoloji təhsil olduğunu vurğuladı. Ekoloji təhsil dedikdə, ümumi ekoloji mədəniyyətin, hər planet sakinində ekoloji məsuliyyətin formalaşmasına yönəlmiş fasiləsiz təhsil, tərbiyə və inkişaf prosesi, planetimizin hər sakininin ekoloji məsuliyyəti başa düşülür. Ekoloji münasibətlər sisteminin deformasiyası, gələcək qarşısında məsuliyyət hissinin olmaması ekoloji böhranların mənbəyidir. Ali və orta məktəb məzunlarında və bütövlükdə əhalidə təbiətə istehlak münasibəti mövcuddur; əhali arasında ətraf mühiti öyrənmək, onun yaxşılaşdırılmasında iştirak etmək tələbi de öz inkişafını tapmamışdır. Ona görə də ekoloji təhsilin məqsədi təbiətə məsuliyyət münasibətinin formalaşdırılmasıdır.
Tədbirin sonunda xatirə şəkli çəkildi.